Kampaniyalar

Bakı «Kitab klubu» yeni kampaniyaya başlayır!


Kampaniyanın adı: 
Öz Həyat Hekayəni yaz!

Kampaniyanın qısa məqsədi:

Həyatın intensivləşdiyi bir zamanda mənəvi tarazlığı, insanpərvərlik və mərhəməti, tanımadığın adamlara sevgi və şəfqət hissini qorumaq üçün insanlar müxtəlif işlərə baş vururlar...

Artıq bir müddətdir ki, dünyanın ayrı-ayrı ölkələrində ibrətamiz hadisələri yığıb kiçik hekayələr toplusu şəklində çap edirlər. Bu zaman müxtəlif insanlar öz başlarına gələn və ya şahidi olduqları əhvalatları qısa əhvalatlar şəklində yazıb bir mərkəzə göndərir, həmin mərkəz isə onları kitab şəklində çap edib oxucular arasında yayır. Beləliklə bir nəfərin başına gəlmiş əhvalat eyni vəziyyətdə olan çoxlu adama təskinlik verir, onları sevindirir, ruhlandırır, yumşaq və rəhmli edir, onlarda ümid və həyat eşqi oyadır.

Hesab edirik ki, belə bir işin ölkəmizdə də vaxtı yetişib. Həyatın intensivliyi artıq bizi də tez yorur, usandırır, ruhdan salır, həyat eşqimizi zəiflədir, başqalarına qarşı diqqətsiz, bəzən isə qəddar edir. Təbii ki, bütün bunlar bir neçə addımdan sonra qayıdıb öz başımıza gəlir.

Hörmətli həmvətənlər, «Kitab klubu» sizin göndərəcəyiniz ibrətamiz hekayətləri «Cana məlhəm hekayələr» seriyalı kitablar şəklində buraxmağa hazırdır. Bu layihənin bütün xərcini öz üzərinə götürür.

Bundan əlavə, hər ilin sonunda bu kitablarda dərc edilmiş ən yaxşı hekayəni müəyyən etmək üçün müsabiqə keçiriləcək və hekayə müəllifi mükafatlandırılacaq.

Öz hekayələrinizi canamelhem@hotmail.com –a yollayın və ya Bakı, Mustafa Sübhi küç. 13 ünvanına (Təzə Pir məscidi və 150 №-li məktəbin yanı) çatdırın.

Əhvalatlar haqqında əlavə məlumat üçün «Kitab klubu»nun tərcümə və nəşr etdiyi «Cana məlhəm hekayələr – 1; 2; 3; 4-cü görüşlər» toplusuna baxın. Onları oxumamısınızsa oxuyun!

QEYD: İşin səmərəli təşkili üçün KK topluya hekayələri seçmək, onlara müəyyən redaktə dəyişiklikləri etmək hüququnu özündə saxlayır, qonorar vermir və göndərilən materiallar geri qaytarılmır.

İki şərtimiz var: hekayənizdə 2000-dən artıq söz olmamalı və ən əsası – insanları ruhlandırmalı, ruhu nəcibləşdirməlidir. Öz əhvalatınız də ola bilər, tanıdığınız insanın sizə danışdığı da, şəxsən yaşadığınız, qəlbinizin gizlinlərini tərpədən hadisə də. 

Şübhə etməyin: sizin xeyirxah töhfəniz bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq. 

---------------------------------------------------------------------------------------------------------------------------

"Cana məlhəm hekayələr" azərbaycan dilində də nəşr olundu!

Bakı "Kitab Klubu" ABŞ-ın dünyaca məşhur kitab seriyalarından olan "Cana məlhəm hekayələr" seriyasıdan 4 kitabı çapdan çıxarıb. Seriyanın (Amerika variantı Chicken soup for soul. 101 More Stories To Open The Heart And Rekindle The Spirit. adlanır) müəllifləri ABŞ-da tanınmış mühazirəçi, psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansendir. Bu seriyadan olankitabların hər biri bir çox dünya dillərinə tərcümə edilmiş və 100 milyondan çox (!) satılmışdır. Kitablar ilk dəfə azərbaycan dilində nəşr olunur.

Kitabları əldə etmək istəyənlər "Kitab Klubu"na müraciət edə bilər: tel: 492-12-38, 050/404-91-13

Müəlliflərdən:

Bu hekayələri toplamaq üçün biz çox çalışmışıq, amma hiss edirik ki, əsl daş-qaş toplamışıq – yüz bir cavahirat. Ümid edirik, siz də onları bizim kimi sevəcəksiniz. Qoy onlar göz yaşları, gülüş, gözlənilməz güman, şəfa və güc mənbəyiniz olsun.

Ümid edirik ki, qeyri-adi hərəkətlər edən sadə insanların davranış modelləri haqqında hekayələrlə biz sizin də həyatınızı heç olmazsa bir az dəyişə biləcəyik, – bəlkə bu modellər sizin yolgöstərəniniz oldu. Arzu edirik ki, həyatınızda açacağınız qapı-ların açarı olan hekayəni bu kitabdan tapasınız.

Bu hekayələr hər gün üçün praktik məsləhətlər verir, ən çətin vəziyyətlərdən belə ağıllı çıxış yolu təklif edirlər. Bizim ruhi yaralarımızı sağaldır, xatırladır ki, hər birimiz istədiyimizdən də yaxşı ola bilərik. Bu hekayələr bizi bayağılıqdan yuxarılara qaldırır, önümüzdə gözlənilməz imkanlar dünyası açır, bizi fəal hərəkətlərə həvəsləndirir. 
Ümumiyyətlə, bu hekayələri dostlarla bölüşmək lazımdır!


 Cek Kenfild, Mark Viktor Hansen

Cana məlhəm hekayələr

1-ci görüş

Həyatdan götürülmüş, sevgi və şəfqət, müdriklik və ilham haqqında ürəkləri riqqətə gətirən əhvalatlar. Onların hər birinin arxasında insan taleyi durur.


 Cek Kenfild, Mark Viktor Hansen

Cana məlhəm hekayələr

2-ci görüş

Bu kitabı bir oturuma da, tələsmədən, zövq ala-ala da oxumaq olar. Onu birnəfəsə oxumayın. Bu-rada söhbət açılan hər hadisənin arxasında insan taleyi durur. Deməli, hər əhvalat – bir qəlbin kəşfidir!
Kitabda toplanılan əhvalatlar qəlbdən qəlbə keçir, isindirir, insana çətin məqamlarda dəstək olur və ona qüvvət verir. Bir də, ola bilsin, bu əhvalatlar sayəsində siz öz həyatınıza başqa gözlə baxarsınız...


 Cek Kenfild, Mark Viktor Hansen

Cana məlhəm hekayələr

3-cü görüş

Bizim «Cana məlhəm hekayələrlə» üçüncü görüşümüzü sizlərə təklif etdiyimiz üçün çox şadıq. Yeni kitabda təmənnasız sevgi, həqiqi dostluq, xoşbəxt həyat, ruh yüksəkliyi və məqsədyönlük haqqında 94 yeni ilhamverici əhvalat tapa biləcəksiniz. Kitabımız ümidsizlik məqamlarında sizlərə dəstək olacaq, kədərdə təskinlik verəcək və qüssənizi azaldacaq. Sizin əvəzsiz dostunuz, müdrik haminiz və məsləhətçiniz olacaq.


 Cek Kenfild, Mark Viktor Hansen,

Henok Makkarti, Meladi Makkarti

Cana məlhəm hekayələr

4-cü görüş

Bu seriyadan olan, “Cana məlhəm hekayələr” adlanan hər bir növbəti kitab ABŞ və bütün dünyada əlamətdar bir hadisəyə çevrilir. Oxucu, biz çox şadıq ki, bu, insan qəlbini oxşayan kiçik əhvalatları oxuyub, mənəvi cəhətdən qidalanmağın, ruhlanmağın və ilhamlanmağın üçün onları sənə hədiyyə edə bilirik. Qoy bu kiçicik hekayələr sənə də dünyaya daha çox işıq və məhəbbət gətirəcək əməllər etməkdə yardımçı olsun!

 


Bəyəndiyimiz hekayələrdən bəzi nümunələr veririk...
------------------------------------

"SİRK"

Hər bir şəxsin həyatında vaxtilə təmənnasız et-diyi, artıq yadından çıxartdığı və ilk baxışda xırda görünən xeyli xeyirxah əməl var.
Uilyam Vordsvort


Bir dəfə, mən balaca oğlan olanda, atamla sirkə bilet almağa getmişdik.
Axır ki, növbə bizdən əvvəl dayanan ailəyə çatdı. Böyük ailə idi – ata, ana və səkkiz uşaq. Uşaqlardan ən böyüyünə 12 yaş vermək olardı.
Üst-başlarından kasıb olduqları görünürdü. Səliqəli, amma yoxsul geyinmişdilər. Uşaqlar cüt-cüt əl-ələ tutub valideynlərinin ardınca düzülmüşdülər. Bu axşam sirkdə görəcəkləri klounlardan, fillərdən həvəslə danışırdılar.
Aşkar görünürdü ki, bundan əvvəl sirkdə olmay-ıblar. Bu axşam onların gənc həyatında parlaq iz qoyacaqdı.
Ata və ana öndə dayanıb qol-qola girmişdilər, balaları ilə fəxr etdikləri sezilirdi. 
Qadın mehribanlıqla ərinə baxırdı. Parıldayan gözlərində sanki “Əzizim, cəngavərim...” yazılmışdı. O, isə məğrur görkəm alıb gülümsəyirdi: “Haqlısan, həyatım”.
Kassir neçə bilet lazım olduğunu soruşdu, kişi fəxrlə dilləndi:
– Zəhmət olmasa, səkkiz uşaq, iki böyük bileti verin.
Kassir biletin qiymətini söylədi. 
Qiyməti eşidən kimi qadının əli yanına düşdü, büzüşdü. Kişinin isə dodaqları titrədi.
Onun bilet almağa pulu çatmırdı və bu vəziyyətdən ləyaqətlə necə çıxacağını da bilmirdi. Axı uşaqlarını aldada bilməzdi. Onlara söz vermişdi ki, sirkə aparacaq!
Atam bunu görcək kassaya yaxınlaşdı və soruşdu:
– Nə qədər dediniz?
Kassir məbləği təkrar etdi.
Atam kassadan uzaqlaşdı, pulqabısını açdı, bir 20 dollarlıq çıxarıb yerə saldı, özünü sanki pul əlindən düşmüş kimi apardı (doğrusu, bu bizim ailə üçün də az pul deyildi!)
Sonra əyildi, pulu götürüb pərişan dayanmış kişiyə uzatdı:
– Bağışlayın, ser, bu pul sizin cibinizdən düşdü, özüm gördüm.
Kişi dərhal işin nə yerdə olduğunu anladı. Atam ona çətin bir vəziyyətdən çıxmağa kömək edirdi. Atamın üzünə minnətdarlıq hissiylə baxıb ürəkdən əlini sıxdı. Dodaqları titrəyirdi, göz yaşını saxlaya bilmirdi. Pıçıldadı:
– Sağ olun, ser. Mən də, uşaqlarım da bunu heç vaxt unutmarıq.
Biz atamla maşına oturub evə gəldik. O axşam sirkə gedə bilmədik. Ancaq elə məmnun idik ki, bu zövqü hətta sirkdən belə ala bilməzdik.

Den Klark

* * *

"NİKBİN"

Bu hekayə iki əkiz barədədir. Onlardan biri – ruhdan düşməyən nikbin idi, həmişə, hər şeydə yaxşını görürdü. İkincisi isə əksinə, – qəmli bədbin idi. O, “Hər hansı xoşagəlməzliyin baş vermə ehti-malı varsa, mütləq olacaq” məşhur deyiminin müəllifi polkovnik Merfini belə nikbin sayırdı. Bun-dan narahat olan valideynlər oğlanları yerli psixoanalitikin yanına məsləhətə gətirirlər.
Həkim valideynlərə övladlarının şəxsiyyətini ahəngləşdirə biləcək bir üsul tövsiyyə edir: “Növbəti ad günündə hədiyyələri açmaq anı gələndə oğlanları ayrı-ayrı otaqlara aparın. Bədbinə ən yaxşı hədiyyələri, nikbinə isə quru bir peyin parçası verin”. Valideynlər bu tövsiyəni dəqiqliklə yerinə yetirib, səbirlə eksperimentin nəticələrini gözləməyə başlayırlar.
Nəhayət bədbinin otağından şikayət səsləri gəlməyə başlayır: “Bu kompüterin rəngi xoşuma gəlmir... And içərəm ki, bu CD Player çox davam gətirməyəcək... Bu oyun mənə maraqlı deyil... Dost-larımdan birində bu oyuncaq var və bundan da böyükdür...”
Valideynlər barmaqları ucunda nikbin olan qapıya yaxınlaşır və qapını aralayırlar. Oğlan xalçanın üstündə oturub, peyin parçasını havaya atıb-tutur. Valideynlərini görüb hiyləgərcəsinə gülümsəyir: “Məni aldada bilməzsiniz! Belə böyük peyin parçası varsa, haradasa poni də olmalıdır!”

Müəllifi bəlli deyil

* * *

"PƏNCƏRƏ"

Həyat bizim onu etdiyimiz kimidir, – belə olub, belə də olacaq.
Mozes nənə


Xəstəxana palatasında iki nəfər yatırdı – ikisi də ciddi xəstə idilər. Ətraf mühitlə onları yeganə bir pəncərə birləşdirirdi. Xəstələrdən birinə gündə bir saat oturmağa icazə verirdilər ki, ağ ciyərlərinə maye yığılmasın. Onun çarpayısı pəncərəyə yaxın idi və o, bir saat ərzində xəstəxanadan kənardakı həyatı müşahidə edə bilirdi. İkinci xəstə isə daim uzanmalıydı – ona hərəkət etməyə icazə verilmirdi.
Çarpayısı pəncərənin yanında olan xəstə hər gün oturduğu bir saat ərzində pəncərədən bayırda baş verənlər barədə qonşusuna da danışırdı. Pəncərə göl olan parka baxırdı, göldə ördəklər, qu quşları üzürdü. Uşaqlar quşlara çörək yedizdirir, gölə oyun-caq gəmiciklər buraxırdılar. Qol-qola girmiş sevgililər parkdakı xiyaban boyu, çiçək ləkləri və kriket oynayanların yanından keçərək gəzişirdilər. Ağacların arxasından üfüqdə şəhər göydələnləri görünürdü.
Hərəkətinə icazə verilməyən ikinci xəstə isə qon-şusunun söhbətlərini ləzzətlə dinləyir, hər dəqiqəsindən zövq alırdı. Qonşu baş verənləri elə aydın, canlı təsvir edirdi ki! Ona elə gəlirdi ki, gölün ətrafında qaçışan uşaqların şaqraq gülüşünü eşidir, parkdakı xiyabanlar boyunca, yay paltarlarında gəzişən gözəl qızları görür.
Bir gün isə fikirləşdi ki, niyə pəncərədən görünən mənzərədən yalnız qonşusu həzz almalıdır? Ola bilməz ki, özü onun yerində olsun və bayırda baş verənləri birbaşa müşahidə etsin? Bu fikirlərdən utandı, amma onları başından nə qədər çox qovurdusa, qonşusunun yerində olmağı daha çox istəyirdi.
Bir gecə yata bilməyib gözlərini tavana zilləmişdi, birdən qonşusu qorxulu və boğucu şəkildə öskürməyə başladı. Yazığın əlləri təlaşla fövqəladə yardım düyməsini axtarırdı, ikinci xəstə isə sakitcə uzanıb qonşusunun can verməsinə baxır, öz düyməsini basmağa, tibb bacısı yaxud həkim çağırmağa heç cəhd də etmirdi. O, qonşusunun əzablarını, onun son nəfəsinin kəsilməsini sakitcə izlədi. Səhər tezdən tibb bacısı qonşunun öldüyünü gördü, sanitarları çağırdı, onlar da meyiti palatadan apardılar.
Palatada tək qalan xəstə nəzakət xatirinə bir neçə gün gözlədi və xahiş etdi ki, onu pəncərə qarşısın-dakı çarpayıya qoysunlar. Onun xahişini dərhal yerinə yetirdilər və yerini mümkün qədər rahatladı-lar. Tibb bacıları və sanitarlar palatanı tərk edən kimi, o, ağrıya üstün gəlib dirsəkləndi və pəncərəyə baxdı. 
Qarşısında təkcə bütöv bir divar vardı.

Müəllifi bəlli deyil
Ronald Dalsten və Harriet Lindsey göndərib


* * *

"İKİ ŞAHILIQ VƏ BEŞ SENTLİK"

Siroplu və qoz ləpəli plombirin qiyməti indikindən xeyli ucuz olan vaxtlarda on yaşlı bir oğlan uşağı kafeyə daxil olub, masanın arxasında əyləşdi. Ofisiant qız yaxınlaşıb onun qarşısına bir stəkan su qoydu.
– Siroplu və qoz ləpəli plombirin qiyməti neçəyədir? – oğlan soruşdu.
– Əlli sent, – deyə ofisiant qız cavab verdi. 
Oğlan əlini cibindən çıxartdı və pullarını hesablamağa başladı.
– Bəs sadə plombirin bir porsiyası neçəyədir?
Ofisiant qızı digər masalarda əyləşmiş müştərilər də gözlədiyindən oğlanın astagəlliyi onun əsəblərinə toxunmağa başlayırdı.
– Otuz beş sent, – qız bir qədər əsəbi tərzdə cavab verdi.
Oğlan yenə pullarını sayıb, yekun nəticəyə gəldi:
– Mənə otuz beş sentlik dondurma gətirin.
Qız dondurmanı gətirdi və hesabı masanın üstünə qoyub aralandı. Oğlan dondurmanı yedi, he-sabı kassaya ödəyib getdi. 
Ofisiant qız masanı yığışdırmağa gələndə gözləri yaşardı. Boş dondurma qabının yanında iki şahılıq (beşlik sikkə – red.) və beş sentlik sikkə – qız üçün «çay pulu» qoyulmuşdu. 

* * *

_______________________________________________________
Kitabların satış və yayım hüquqları Bakı Kitab Klubuna məxsusdur.. Buyurun alın, oxuyun, münasibətinizi bildirin. Şəhərimizn kitab dükanlarından əldə edə bilərsiniz.

 Qiyməti: 5.00 AZN

Bakı Kitabı Klubunda sifariş edə bilərsiniz.
Telefon: 012 4921238, 050 4049113; E-mail
kitabklubu@gmail.com