Yeni layihələr


«XARİCİ ÖLKƏLƏRİN KİTABLARI» LAYİHƏSİ

Kitab klubu «Xarici ölkələrin kitabları» adlı layihəyə başlayır. Layihənin məqsədi Azərbaycan oxucularını xarici ölkələrdə nəşr edilmiş kitablarla tanış etməkdir.
Layihə xarici ölkənin kitablarının nümayişi həftəsi formasında həyata keçiriləcəkdir.
Xarici ölkənin kitabları Kitab klubunun Mustafa Sübhi küçəsi 13 ünvanındakı sərgi salonunda 1-2 həftə müddətində nümayiş etdiriləcəkdir.
Oxucular kitablara baxmaq, Klubda oxumaq, sifariş etmək, satışda olanlarını isə almaq imkanına malik olacaqlar. Tədbir çərçivəsində kitabları nümayiş etdirilən ölkənin nümayəndələri ilə görüşlər, kitabların müzakirəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

«SINAQ NÜSXƏSİ» LAYİHƏSİ

«Sınaq nüsxəsi» layihəsinin həyata keçirilməsi ideyası aşağıdakı mülahizələrdən doğmuşdur.
Klubun apardığı sorğular göstərir ki, bu gün oxucu icmasına əsasən maddi imkanı olan müəlliflərin kitabları çatır. Lakin bunlar heç də həmişə ən yaxşı əsərlər olmur. Oxucu marağını stimullaşdıracaq və özünün kommersiya tutarlılığına görə kitab bazarını inkişaf etdirə biləcək əsərlərin çoxu maddi imkansızlıqdan çap edilməmiş qalır.
Klub hesab edir ki, həmin əsərlərin nəşr edilməmişdən qabaq ictimaiyyətə (o cümlədən sponsorlara, naşirlərə və oxuculara) təqdim edilməsi - başqa sözlə «sınaq» nüsxələrinin buraxılması - bu maddi çətinlikləri aradan qaldırmağa kömək edə bilər.
Belə nüsxələrin bir düjünü mütəxəssislərə, tənqidçilərə, naşirlərə, ayrı-ayrı sponsorlara rəyə, bazarın reaksiyasını öyrənmək üçün mağazalara, abunə yazılışı təşkil etmək üçün kitabxanalara göndəriləcək. Alınacaq rəylərin və statistik məlumatların KİV-də işıqlandırılması gələcək nəşr üçün yaxşı reklam olacaq.
Bu tədbirlərdən sonra uğurlu kitab öz hesabına nəşr edib bazara çıxarması üçün hər hansı nəşriyyata təklif ediləcək.
Əsərlərin «sınaq» nüsxəsi şəklində buraxılmaq üçün seçilməsi müsabiqə yoluyla aparılacaq.
«Sınaq nüsxəsi» müştərək layihədir və qismən ACİ YF-Azərbaycan tərəfindən maliyyələşdirilir.

LAYİHƏNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ


Layihənin məqsədi – bədii və kommersiya cəhətdən tutarlı əsərlərin ictimaiyyətə təqdim edilməsi, hələ nəşr edilməmiş əsərlərin müsabiqə yolu ilə seçilməsi, onların «sınaq» nüsxələrinin buraxılması, reklam edilməsi, rəyə göndərilməsi və abunəsinin təşkil edilməsi vasitəsilə kitab bazarının subyektlərinin fəallaşdırılmasıdır.

Məqsədə çatmaq üçün Kitab Klubu aşağıdakı təşkilati və məlumati tədbirləri həyata keçirəcəkdir:
1) «sınaq» nüsxələri şəklində buraxılacaq əsərlərin seçilməsi üçün müsabiqənin elan edilməsi;
2) müsabiqənin münsiflər heyətinin təşkili;
3) əsərlərin seçilməsi;
4) «sınaq» nüsxələrinin çapı;
5) onların reklamı, rəyə göndərilməsi və abunəsinin aparılması;
6) nəticələrin emalı;
7) uğurlu əsərin nəşr üçün nəşriyyatlara təklif edilməsi.

1. Sınaq nüsxələri şəklində buraxılacaq əsərlərin seçilməsi üçün müsabiqənin elan edilməsi;
1.1. Sınaq nüsxələri şəklində buraxılacaq əsərlərin tərtibatı və təqdim edilmə qaydaları 2 həftə ərzində Kitab klubunun www.kitabklubu.org ünvanlı saytında qoyulacaq və qəzetlərdə elan ediləcəkdir. Qaydaları yazılı şəkildə Klubdan da götürmək olar.
2. Müsabiqənin münsiflər heyətinin təşkili
2.1. Münsiflər heyəti müxtəlif janrlarda yazan yazıçılardan, ədəbi tənqidçilərdən və müxtəlif sahələrin mütəxəssislərindən ibarət olacaqdır. Münsiflər heyətinin üzvlərinin adları ancaq ilin axırında açıqlanacaqdır. Münsiflər heyətinin üzvləri öz əməklərinin müqabilində Kitab Klubundan qiymətli kitablar alacaqlar.

3. Əsərlərin seçilməsi
3.1. Əsərlərin seçilməsi münsiflər heyətinin üzvlərinin rəyləri əsasında aparılacaqdır.
3.2. Əsərlər münsiflər heyətinin rəyinə müəllifin adı olmadan, müəyyən kod nömrəsi altında təqdim ediləcəkdir.
3.3. Rəylər bunun üçün hazırlanmış xüsusi blankda təqdim ediləcəkdir. Blankda əsərin qiymətləndirilməsi meyarları sadalanacaqdır və əsərin bu meyarlara görə qiymətləndirilməsi (məsələn 10 ballıq şkala üzrə) təklif ediləcəkdir.
3.4. Müsabiqəyə təqdim edilmiş əsərlərin sayı çox olacağı halda ilkin seçimi Kitab Klubu aparacaqdır.
3.5. Ən çox bal yığmış əsərlər növbə üzrə çap ediləcəkdir.

4. «Sınaq» nüsxələrinin çapı
1.1. Seçilmiş əsərlər 12-20 nüsxədə çap ediləcəkdir.
4.2. Janr və tərtibatından asılı olaraq kitablar müxtəlif formatda – cib formatından 60x841/8 (A4) ölçüsünə qədər çap edilə bilər.
4.3. Kitabın iç səhifələri rizoqrafda, üz qabığı və fotolar isə lazer printerində çap olunacaq. Üz qabığı nazik plyonka ilə örtüləcəkdir (laminasiya ediləcəkdir).

5. «Sınaq» nüsxələrinin reklamının həyata keçirilməsi, rəyə göndərilməsi və abunəsinin aparılması
5.1. Sınaq nüsxəsinin elektron variantı Kitab Klubunun internet səhifəsinin oxucunun öz rəyini bildirməsi üçün vasitəyə malik olduğu elektron kitabxanasında yerləşdiriləcək.
5.2. Sınaq nüsxələri rəy üçün naşirlərə, tənqidçilərə, yazıçılara və kitabxanalara göndəriləcək, Bakının və bir neçə rayonun kitab mağazalarında qoyulacaq.
5.3. Kitabxanalara və kitab mağazalarına bu kitabı əldə etmək (satın almaq) istəyən oxucuları qeydə almaq təklif ediləcək.
5.4. Kitabın tənqidçilər və KİV nümayəndələrinin iştirakı ilə təqdimatı, oxucu konfransı keçiriləcək.

6. Nəticələrin emalı
6.1. Elektron variantla bağlı (internet səhifə və elektron poçt vasitəsilə) verilmiş rəylərin nəticələri emal ediləcəkdir.
6.2. Naşrlərin, tənqidçilərin, yazıçıların və kitabxanaların rəyləri yekunlaşdırılacaqdır.
6.3. Verilmiş kitabı oxumaq (almaq) istəyən oxucuların sayı cəmlənəcəkdir.
6.4. Oxucu konfransları və KİV-də söylənmiş rələr nəzərdən keçiriləcəkdir.
6.5. Yekun sənəd tərtib ediləcək və Klubun internet səhifəsində qoyulacaqdır.

7. Uğurlu əsərin nəşr üçün nəşriyyatlara təklif edilməsi.
7.1. Ən uğurlu əsərlər nəşriyatlara təklif ediləcəkdir. Kitabın nəşrinə iddia edən nəşriyatların sayı birdən artıq olarsa, tender keçiriləcəkdir.
7.2. Nəşr barəsində müqavilədə Kitab Klubu müəllifin ədəbi agenti və ya üçüncü tərəf kimi iştirak edəcəkdir.