2004-2006-cı illər  2007-2008-cı illər  2009-2010-cu illər                          Təqdimatlar

Mehriban Vəzirin tərcümə etdiyi “Həmidə Xanım Cavanşir – Xatirələrim”
kitabının təqdimatı keçirildi


Həmidə Xanım Cavanşir | “Xatirələrim”

Dövrünün görkəmli ictimai xadimi, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin ( 1873-1955) “Xatirələrim” əsəri oxuculara ilk dəfə bütöv şəkildə təqdim edilir. Müəllif burada atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” dərgisi, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş bilgi verir, sovet hakimiyyəti gəlincə ailənin necə məşəqqətlə Təbrizə köç etməsini, “Molla Nəsrəddin”in Təbrizdə nəşrini, Bakıya döndükdən sonra ailənin ağır durumunu, “Molla Nəsrəddin”in sovet Bakısında nəşrini və b. hadisələri cəlbedici bir dillə təsvir edir.

*Kitabı ruscadan tərcümə edən: Mehriban Vəzir*
Mehriban Vəzir - Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı- publisist, 40-dan çox hekayənin, 300-dən çox məqalənin, nəşr olunmuş 4 kitabın müəllifidir.
Dövrü mətbuatda daimi olaraq siyasi və bədii publisistik məqalələri ilə, eyni zamanda tarixi araşdırmaları ilə çıxış edir. ABŞ-da çap olunmuş “Azərbaycanın Qadın Yazıçıları” antologiyasında əsərləri ilə təmsil olunur. Mehriban Vəzir ixtisasca telejurnalistdir. 1978-ci ildə 1999-cu ilə qədər Dövlət Tele- Radio Komitəsində - Az TV- də müxtəlif vəzifələrdə çalışıb. 10 ilə qədər davam edən müəllif proqramları ilə ictimai fikirdə yer tutmuş, eyni zamanda telejurnalistikanın müstəqil fəaliyyət göstərməsində ilk addımları atan az saylı qələm adamlarının sırasında olub. Hekayələri əsasında televiziya tamaşaları hazırlanıb.

 

 

Daha çox şəkil bu linkdə http://www.facebook.com/media/set/?set=a.2479349995239.124389.1597219671&type=1


5 noyabr Bakı Kitab Klubunda gənc yazar Fərid Hüseynin “300-dən sonrakı azərbaycanlılar” adlı yeni kitabının təqdimatı keçirildi


Fərid Hüseynin müxtəlif illərdə yazdığı şeirlər və esselərin toplandığı kitab haqqında xoş sözlər söyləndi. Şair Səlim Babullaoğlunun aparıcılığı ilə baş tutan təqdimat mərasimində şair Çingiz Əlioğlu, AYB-nin gənclər katibi Rəşad Məcid, tənqidçilər Rüstəm Kamal və Tehran Əlişanoğlu, gənc yazarlar Kəramət Böyükçöl, Qismət və başqaları çıxış edərək, müəllifin istedadından, üslubundan və esselərinin, şeirlərinin məziyyətlərindən danışdılar.
Sonda müəllif öz şeirlərindən oxudu və oxucular üçün kitablarını imzaladı.

 

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/events/259901350728897/

 


İsmixan Yusubovun “Erməni dosyası” kitabının təqdimat mərasimi keçirildi


14.09.11 tarixində Bakı Kitab Klubunda hazırda Türkiyənin Sakarya Universitetində işləyən riyaziyyatçı alim İsmixan Yusubovun “Erməni dosyası” kitabının təqdimat mərasimi baş tutdu.
“MBM” nəşriyyatında işıq üzü görmüş kitabın təqdimatında çıxış edən İ.Yusubov qeyd edib ki, kitab əsasən “Qarabağ tərəzisi”nin Azərbaycana aid gözünə “bir misqal ağırlıq” əlavə etmək və Qafqazda erməni ekspansionizminə qarşı qoymaq yolunda çalışanlara az da olsa yardım edə bilmək istəyindən yaranıb.
Kitabın əsasını müəllifin 1990-cı ildə rus və Azərbaycan dillərində 30 min tirajla çap olunaraq keçmiş SSRİ-də və dünyanın bir çox ölkəsində yayılmış “Dosta məktub” və 2002-ci ildə çap olunmuş “Pismo druqu – Postskriptum” əsərləri təşkil edib.
Bundan başqa, 1990-cı il “Yanvar qırğını”ndan sonra fövqəladə rejim şəraitində çap olunan “Dosta məktub” kitabında ixtisara düşmüş parçalar yeni nəşrdə öz yerini alıb və “Postskriptum” əsəri ilk dəfə Azərbaycan dilində oxucuların mühakiməsinə verilib.
Kitabda həmçinin “20 Yanvar” faciəsi ilə bağlı müəllifin bəzi düşüncələri və “Erməni məsələsi” ilə bağlı Türkiyədə keçirilən milli və beynəlxalq konqreslərdəki çıxışları da öz əksini tapıb. Bunlar “İmperatorluqlar siyasətində “Erməni məsələsinin yeri: səbəblər və nəticələr” və “Erməni ekspansinizminə qarşıqoymada adekvatlıq üzərinə” başlıqları altında yer alıblar.
Son olaraq kitabda “Dosta məktub” haqqında akademik Aslan Aslanov və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin vaxtilə yazmış olduqları rəylər də ilk dəfə olaraq oxuculara təqdim olunur.

 

İsmixan Məhəmməd oğlu Yusubov 1945-ci ildə Azərbaycanın Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967 illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970 ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Sonralar BDU baş müəllim və dosent vəzifələrində işləmişdir, orda da namizədlik dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildən Türkiyənin universitetində (Kocaeli, Sakarya) çalışmaqdadır. 1990-cı ildə onun Qarabağ hadisələrindən bəhs edən “Dosta məktub” adlı ilk kitabı çap olunmuşdur.

İsmixan Yusubov, "Erməni dosyası"

Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr, keçmiş SSRİ-də milli münasibətlər haqqında düşüncələr, həmçinin bu məsələlərin meydana çıxması və inkişafı prosesinə tarixi ekskurs. Tarixi həqiqətləri təhrif edənlərə əsaslandırılmış cavab və mürəkkəb, qəsdən dolaşıq salınmış işdən baş açmaq istəyən oxuculara kömək.

ISBN 978-9952-29-049-3, Bakı, MBM, 2011, 160 səh.
Qiyməti: 5.00 AZN

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/media/set/?set=a.2197624112268.117362.1597219671&type=1


Kitab Klubu İbrahim İlyaslının “Yuxuma söykənmiş adam..”

kitabının təqimatını keçirildi

 

İyul ayının 9-da Bakı Kitab Klubunda növbəti kitabın təqdimatı keçirilib. İbrahim İlyaslının qələmə aldığı “Yuxuma söykənmiş adam..” şerlər kitabının təqdimat mərasimi klubun oxu zalında (Murtuza Muxtarov 7) keçirildi. Təqdimat mərasimində tanınmış şair və yazıçı əhli toplaşmışdı. Bunlardan İlyas Tapdıq, Mahmud Vəli, İsmayıl İlməzli, Əvəz Qurbanlı, ədəbi tənqidçi Rüstəm Kamal, ekspert Ənvər Börüsoy, tədqiqatçı Aydın Mədətoğlu, folklorşünas Atəş Əhmədov, yazıçı Şərif Ağayar, rəssam Qafar Sarıvəlli, "Mərhəmət elçisi" jurnalının baş redaktoru Şakir Əhmədli, aşıq, şair Məhərrəm Hüseynli, naşir Ramiz Hümmətov və başqaları çıxış edərək kitablar barədə fikir və mülahizələrini bölüşərək müəllifə yaradıcılıq uğurları arzuladılar.


İbrahim İlyaslı.
“Yuxuma söykənmiş adam..” Şeirlər.
Bakı, “AVRASİYA PRESS” nəşriyyatı, 2011., 64 səhifə. ISBN 978-9952-442-35-9

Kitab “Dərələyəz-M” mətbəəsinə təqdim olunmuş hazır diopozitivlərdən çap olunmuşdur. Kağız formatı 70x100. Ofset çapı 1/32. Fiziki çap vərəqi 2,0. Tiraj 1000.

“Yuxuma söykənmiş adam” şair İbrahim İlyaslının “Hamı bir körpüdən keçir”(1998), “Mən bir söz bilirəm”(2006) adlı şeir kitablarından sonra oxucularla üçüncü görüşüdür. Müəllif bu kitabına ikinci kitabının nəşrindən sonra qələmə aldığı yeni şeirlərini daxil edib. Kitab müəllifin oxuculara müraciətlə yazdığı “Ağ kağız – Qara qələm” adlı ön sözlə açılır. “Salam-Əleyküm” adlı divani ilə başlayan şeirlər kitabı heca vəznində və sərbəstdə yazılmış müxtəlif mövzulu şeirlərlə davam edir və “Olu” rədifli qıfılbəndlə sona çatır.

* * *
İBRAHIM İLYALI (Hacıyev İbrahim Musa oğlu)

1963-cü il, mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında “Çağdaş Azərbaycan poeziyası” seriyasından
nəşr edilib.
Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb.
Şeirləri 2009-ci ildə Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antalogiyasına daxil edilib.
Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru vəzifəsində çalışır.

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/media/set/?set=a.2037656713183.109998.1597219671&type=1

 


Şirvani Ədilli kitablarını təqdim etdi


İyunun 18-də Kitab Klubunda Şirvani Ədillinin "Mənim odlar diyarım" və "Əruz vəzninin sadələşdirilmiş qəlibləri" kitablarının təqdimatı keçirildi. Ədəbi ictimaiyyətin, mədəniyyət işçilərinin və oxucuların iştirakilə keçirilən tədbiri giriş sözü ilə açan Kitab Klubunun rəhbəri Elxan Rzayev kitabların əhəmiyyətindən bəhs etdi.

Tədbiri aparan saza-sözə içdən bağlı Həmid Ormanlı mərasim iştirakçılarını salamlayandan sonra kitabla bağlı öz fikirlərini bölüşdü. Kitab müəllifinin yaradıcılığından danışan H.Ormanlı bildirdi ki, oxucuların ixtiyarına verilmiş kitablarda toplanmış müxtəlif məzmunlu şeirləri birləşdirən mühüm cəhət sadəlik və səmimiyyətdir.
Təqdimat mərasimində şairlərdən İlyas Tapdıq, Oqtay Rza, Mahmud Vəli, İsmayıl İlməzli, Əvəz Qurbanlı, ədəbi tənqidçi Rüstəm Kamal, ekspert Ənvər Börüsoy, tədqiqatçı Aydın Mədətoğlu, folklorşünas Atəş Əhmədov, yazıçı Şərif Ağayar, rəssam Qafar Sarıvəlli, "Mərhəmət elçisi" jurnalının baş redaktoru Şakir Əhmədli, aşıq, şair Məhərrəm Hüseynli, naşir Ramiz Hümmətov və başqaları çıxış edərək kitablar barədə fikir və mülahizələrini bölüşərək müəllifə yaradıcılıq uğurları arzuladılar.
Müəllifin "Mənim odlar diyarım" adlı kitabında vətənpərvərlik, sevgi, satirik və digər mövzularda olan şeirləri yer alıb. Kitab bədii ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"Əruz vəzninin sadələşdirilmiş qəlibləri" kitabında isə əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcəmizə və folklorumuza uyğunluq məsələlərinə toxunulub, bu vəznin daha asan öyrənilməsi üçün Azərbaycan şeirində işlənən əruz bəhrlərinin sadələşdirilmiş qəlibləri tərtib edilib. Kitab müəllifin bu mövzuda olan ilk kitabıdır. Hər iki kitabın redaktoru, həmçinin şeirlər kitabında ön sözün müəllifi filologiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.
Qeyd edək ki, Şirvani Ədilli 1978-ci ildə Ağdamın Şıxbabalı kəndində anadan olub. 1995-99-cu illərdə Azərbaycan Texniki Universitetinin avtomexanika fakültəsində təhsil alıb. Universiteti "Avtomobillər və avtomobil təsərrüfatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-2007-ci illərdə ikinci ali təhsilini Azərbaycan dövlət İqtisad Universitetində alıb. Şirvanı Ədilli Azərbaycan şeirində və musiqisində ritm məsələləri, o cümlədən şeir vəznlərinin tədqiqi ilə müstəqil surətdə məşğul olur.
Tədbirin sonunda Ş.Ədilli iştirakçılara öz minnətdarlığını bildirdi və bir neçə yeni şeirini söylədi.

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/media/set/?set=a.1942986346483.107463.1597219671&type=1


AYO-çular Kamal Abdulla ilə görüşdü


Azad Yazarlar Ocağının (AYO) üzvləri yazıçı Kamal Abdulla ilə görüşdülər. AYO-nun başqanı Aqşin Yenisey bizə bildirdi ki, Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə görüşün təşəbbüskarı Azad Yazarlar Ocağının üzvləri özləri olub. Görüş iyunun 4-də “Kitab klubu”da baş tutdu. Görüşdə Kamal Abdullanın yeni çapdan çıxmış “Unutmağa kimsə yox” romanı ətrafında müzakirələr aparıldı.

“AYO haqda belə bir ictimai rəy var ki, özümüz yazıb özümüz oxuyuruq. Bu yazıçıların birləşdiyi təşkilat üçün yaxşı imic deyil. Bu formul daha çox AYB-ə yaxındır ki, özləri yazıb özləri oxuyur. Biz bundan sonra belə görüşlər keçirib kitab müzakirələri aparmaq qərarına gəlmişik. Qoy cəmiyyət görsün ki, biz təkcə öz yazdıqlarımızı oxumuruq. Əlbəttə, hər kəslə görüşməyəcəyik. Öz keyfiyyətləri ilə ədəbi gəncliyə yaxın olan yazıçılarla görüşəcəyik” - Aqşin Yenisey belə deyib.
Onun sözlərinə görə, növbədə xalq yazıçısı Əkrəm Əylisli var: “Əkrəm Əylisinin yeni kitabı çıxmalıdır. Biz bu kitabın da müzakirəsini aparmağı planlaşdırırıq”.
A.Yenisey deyib ki, belə görüşlər AYO-nun tutduğu sərt mövqeyə təsir etməyəcək: “Bizim kimlərlə problemimiz var idisə, onu həll etmişik. Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoyub. Azərbaycan ədəbiyyatında atalar-oğullar problemi artıq bitib. Bizim keçirəcəyimiz bu görüşlər yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

 

Azad Yazarlar Ocağı yazıçı Kamal Abdullanın yeni çapdan çıxan “Unutmağa kimsə yox” romanını müzakirə etdi - yazıçının özü ilə görüş çərçivəsində.
Əsərin qəhrəmanı bir gənc alimdir. Yazıçının saytında əsərin məzmunu haqda məlumat verilir:
"Kolumb Hindistan axtara-axtara Amerikaya gedib çıxan kimi gənc alim naməlum bir yazını heç kimin gözləmədiyi bir halda müharibələrin, padşahların, sərkərdələrin tarixi kimi yox, bir sevgi məktubu kimi deşifrə edib oxuyur”.
AYO-dan "Oxu zalı"na verilən məlumata görə, qurumun rotasiya üzrə hazırkı sədri Aqşin Yenisey öz çıxışında Kamal Abdullanın əsərlərini “ədəbiyyatımızda yeni istiqamət adlandırıb”.
Təşkilatın fəallarından olan, şair Rasim Qaraca isə K.Abdullanin rektoru olduğu Bakı Slavyan Universitetinin “hazırda ədəbiyyatın ağırlıq mərkəzlərindən birinə çevrildiyini” deyib. O yeni roman haqqında da fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
K.Abdulla isə tədbirin sonundakı çıxışında romanının müzakirəsi üçün AYO-ya təşəkkür edib. O, ədəbiyyatda ayrı-seçkiliyi qəbul etmədini də bildirib.
İki saatdan çox davam edən görüşün sonunda tədbir iştirakçıları yazıçıya suallar veriblər.
AYO sədri A.Yenisey isə deyib ki, yazıçılarla belə görüşləri davam etdirəcəklər.

 

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/media/set/?set=a.1912534065195.105731.1597219671


Filarmoniya bağında kitab bayramı keçirildi


Mayın 27-də Filarmoniya bağında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə kitab bayramı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi IV Ümumrespublika kitab bayramı çərçivəsində baş tutan tədbir 28 May - Respublika Gününə həsr edilmişdi. Tədbirdə müxtəlif mövzular üzrə stendlərdə kitablar, yeni nəşrlər sərgilənirdi.

Bayrama xoş əhval qatmaq məqsədilə təşkil olunan musiqi proqramında Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin nəfəs alətləri orkestri, xalq çalğı alətləri ansamblı, kamera orkestri, simfonik orkestr, estrada ansamblı və muğam üçlüyü çıxış edirdi. Bayrama təşrif buyuranlar musiqi sədaları altında yeni nəşrlərlə tanış olur, bəyəndikləri kitabı alırdılar. Bir sözlə, bayram, sərgi, yarmarka bir arada birləşmişdi.
“Azərbaycan qadını” stendində adları tariximizə həkk olunmuş görkəmli xanımlar, şairələr, alim qadınlar haqqında kitablar yer almışdı. “XX əsr Azərbaycan qadınları” adlı yeni nəşr də ilk dəfə sərgidə nümayiş olunurdu.
İncəsənətə həsr olunmuş stenddə Üzeyir Hacıbəylinin operettaları, Cavanşir Quliyevin “Uvertüra” kitabı, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan klassik aşıq havaları” və s. kitablar sərgilənirdi. Yeni nəşr olunmuş dünya ədəbiyyatı nümunələri, uşaq ədəbiyyatı, turizm, ekologiya və s. mövzularda kitablar, ensiklopediya və s. ziyarətçilərin diqqətini çəkirdi.
Kitab bayramında həmçinin Bakı Şəhər 11 Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı da keçirildi.
Tədbirdə Bakı "Kitab Klubu", “Yayım Assosiasiyası”, "Ada", "Nil”, "Akademiya", "Dom russkoy kniqi", "Əli və Nino" kitab mərkəzləri, "Nurlar", "Beşik", "Qlobal", "Qanun", "Qərb-Şərq", "Olaylar" və "Xəzər" nəşriyyatlarının yeni çap məhsulları sərgilənirdi.
Daha çox ədəbi əsərləri təqdim edən “Qanun” nəşriyyat evinin bölməsində dünya ədəbiyyatından A.Kamyunun “Yad”, Stefan Sveyqin “Bəşəriyyətin ulduzlu saatları” və s. maraqlı kitablar, gənc yazar Yeganə Cansailin ilk kitabı olan “Göy adamı” təqdim olundu.
Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlının ev-muzeyləri tərəfindən bu görkəmli ədiblərin həyat və yaradıcılığını əks etdirən kitab və müxtəlif nəşrlər də sərgidə yer almışdı.
Bayrama təşrif buyurmuş kitab həvəskarlarının sayı az deyildi..
 

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/media/set/?set=a.1897133920201.104688.1597219671


 

“XXI əsr: Bəşəriyyətin məhvi - qiyamət qopacaqmı?..”


Mayın 7-si Kitab Klubunun Sərgi Salonunda (M.Muxtarov 7) Rövşən Novruzoğlunun “XXI əsr: Bəşəriyyətin məhvi - qiyamət qopacaqmı?..” kitabının təqdimatı keçirildi. Gərgin əməyin, uzun illərin axtarışlarının nəticəsində yaranmış, Milli təhlükəsizlik kontekstində yazılmış kitabın müəllifi həm xaricdə, həm də Azərbaycanda tanınmış politoloq, fəlsəfə doktoru Rövşən Novruzoğludur. Burada dəyişən dünyanın ekologiyası, iqlim siyasəti, genetik kodların dəyişməsi, iqtisadi-siyasi, dini münasibətlər zəngin, təkzibolunmaz faktlarla şərh olunur.
Qarşıya qoyulan hadisələrin səriştəli təhlili Milli təhlükəsizlik anlamından, insan, cəmiyyət və təbiət resurslarının təhlükəsizliyi baxımından fəlsəfi-siyasi, ekoloji araşdırma toplusu kimi qiymətlidir. Kitabda həmçinin gələcək Azərbaycanın ictimai-siyasi, coğrafi, mədəni, psixoloji, genetik durumu məntiqli şəkildə təhlil olunur. Bütün bunları bilmək isə hamımız üçün vacibdir.

 

Təqdimatı Bakı Kitab Klubunun direktoru Elxan Rzayev açdı. Kitabı oxumuş bir adam kimi öz sözlərini və təəssüratlarını açıqlayan Rzayev ilk öncə kitabı ərsəyə gətirən nəşriyyat  direktoru Əliağa Cəfərliyə (naşir) söz verdi. Sonra kitabın məziyyətləri və müəllif haqqında öz arzu və təkliflərini Fəxrəddin Ağazadə, Vətən Məmmədov (prof.), Musa Musayev (prof.), Rafiq Həsənov (jurnalist), Tahir Aydınoğlu (jurnalist) bölüşdülər.


Xatırladaq ki, Rövşən Novruz oğlu Vəliyev (Novruzoğlu) Cəlilabad rayonunda anadan olub. BDU-nu bitirib və təhsilini Moskvada davam etdirib. Hökumət və dövlət strukturlarında çalışıb, təhlükəsizlik orqanlarının zabiti olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünyanın 18 ölkəsində olub, müxtəlif istiqamətlərdə Azərbaycan dövlətçiliyi naminə tədqiqatlar aparıb. “Azərbaycan dövlətçiliyinə təhlükə mənbələri” adlı 5 cildlik kitabın müəllifidir.

Azərbaycan Respublikası Prokurorluğu, MTN və DİN - in iştirakı ilə erməni işğalçılarına qarşı “Azərbaycan Dövlətinə qarşı cinayət” adlı çox zəngin və ictimaiyyətə məlum olmayan və yaxud az məlum olan həqiqətləri əhatə edən üç cildliyin birinci cildini (“Genosid... Ekosid”) yazıb. Rövşən Novruzoğlu həm daxildə, həm də xaricdə tanınmış politoloqdan, siyasətçilərdən biridir.
O, həmçinin geniş oxucu kütləsinin ciddi maraqla qarşıladığı “Azərbaycan neft strategiyası xarici kəşfiyyatın maraq dairəsində” adlı kitabın müəllifidir. İlk dəfə “Qızıl Qələm” mükafatı laureatı olan politoloq 2007-ci ildə Pentaqonun (ABŞ MN) açıqladığı “Beynəlxalq terror şəbəkələri....korrupsiya və narkotika əleyhinə” ən güclü informasiyaya malik olan (keçmiş ittifaq respublikaları çərçivəsində) politoloqların birinci onluğuna daxil edilərək xüsusi mükafata layiq görülüb.

Politoloq R.Novruzoğlu 24 müxtəlif tədqiqat əsərlərinin müəllifidir. Ulu öndər Heydər Əliyev onun Livandan – erməni kvartalından və arxivlərindən əldə etdiyi materiallar əsasında “Qarabağ: beynəlxalq terror üçün qara bazar” və “Qarabağ: nəzarətsiz zona” kitablarını bir neçə dildə çap etdirərək dünya miqyasında yayılmasına kömək edib.

 

Tədbirin sonunda müəllif imzası ilə kitabından gələn qonaqlara payladı.

 

 

Daha çox şəkil bu linkdə - http://www.facebook.com/media/set/?set=a.1854557775824.102418.1597219671

 


Yazıçı Azad Yaşarın yaradıcılıq gecəsi keçirildi

 

Aprel ayının 9-da, saat 14-00-da Bakı Kitab Klubunda yazıçı Azad Yaşarın yaradıcılıq gecəsi keçirildi. Aprel ayının 10-da Azad Yazarlar Ocağı İdarə heyətinin üzvü Azad Yaşarın 50 yaşı tamam olması ilə əlaqədar yazıçı öz ətrafına onu tanıyan yaxın insanları - qələm əhlini yığdı.
Azad Yaşar özünün konseptual şeirləri, postmodern üslubda çəkdiyi rəsmləri, tərcümə sahəsindəki nəhəng işləri və ədəbi ictimai fəaliyyəti ilə ədəbi prosesin ön sıralarında dayanan bir yazıçıdır.
Yubiley günündə dostlarla və öz oxucularıyla bir araya gələn, yaradıcılığının bilinməyən tərəflərindən söz açan müəllif xoş bir gecəyə imza atdı. Gələn qonaqlara yazıçı öz yazdığı və tərcümə etdiyi kitablarından bağışladı..
Görüşdə iştirak edənlər də az deyildi..

 

 

Daha çox şəkil bu linkdə  http://www.facebook.com/media/set/?set=a.1801906819583.95542.1597219671

 


 

Kitab Klubunda Asif Atanın “Yollaşan Aqibət” (Muğam Fəlsəfəsi)

kitabının təqdimatı keçirildi


Asif Atanın Mütləqə İnam Ocağı Çiçək ayının 5-i, 33-cü ildə (aprel, 2011) Bakı Kitab Klubunda Asif Atanın “Yollaşan Aqibət” kitabının təqdimatını keçirdi. Tədbiri Ocaq Yükümlüsü Soylu Atalı giriş sözü ilə açdı. Soylu Atalı Asif Atanı müəllif kimi təqdim eləməyin doğru olmadığını vurğuladı və Onun 60-cı illərdən başlayan ciddi mücadiləsindən danışdı. Moskvadakı Qorki adına Ədəbiyyat İnsititutunda təhsil illərindən başladığı axtarışlarını dilə gətirdi. Asif Atanın özünütəhsillə məşğul olduğunu və Dünya ədəbiyyatını, tarixini, dinləri, fəlsəfəni, musiqini öyrəndikdən sonra Azərbaycanı ayrıca öyrənmək qərarına gəldiyini dedi: “Asif Ata “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemini yaratdı. Burada Azərbaycanın xüsusi hadisə olduğu öz əksini tapır.

Asif Atanın Amalını yaşatmaq üçün çox ciddi çətinliklər, gərginliklər yaşadıq. Bu gərginlikdən üzülmürük. Sevgimizlə bəyan edirik. Biz anlayırıq Asif Atanın dediyi sözün önəmi nədir, bunu anladığımız üçün də bu yükün altına girmişik. Asif Ata sabah üçün bu Ocağı qalayıb. Bugün də Ocağı Onun harayını çəkir”.
Ocaq Yükümlüsü Soylu Atalı Asif Atanın 45 kitab yazdığını və anlamlarına görə 13 cilddə təsnifatlaşdırıldığını dedi. “Yollaşan Aqibət” kitabına daxil olan “Atalıq Xilqəti”, “Ömrüm-Günüm”, “Bədiiyyat” və “Muğam Fəlsəfəsi” kitablarının olduğunu dedi: “Muğam Fəlsəfəsi” 45 kitabdan biridir. Sovet dövründə onun çapına yasaq qoydular. Azərbaycanın bir çox öndə gedənləri sübut eləməyə çalışırdılar ki, muğam musiqi deyil… Muğam həmişə xalqın içində yaşayan və sabaha gedən prosesdir. Muğam fəlsəfəsi Asif Atanın dəyərlər sistemində təsbit bir hadisədir…

Azərbaycan böyük dəyərləri olduğu halda onlara sahib çıxa bilmir. Taleyində siyasi, coğrafi, ruhani pərakəndəlik hökm sürür. Xalqın içində ruhani dəyər yaranmalı, mədəniyyəti formalaşmalıdır ki, xalq öz içinə söykənsin, yaratdıqları xalqın həyat tərzinə çevrilsin. Yad dəyərlər xalqımızın içinə daxil olub etnik kimliyimizə müdaxilə eləməməlidir.
Biz Asif Atanın Yolunu, İşini, təkcə kitablarının çap olunması ilə davam eləmirik. Bölgələrdə, çoxsaylı ünvanlarda onun işini həyata keçiririk. Kitab təqdimatı da onun işlərinin tərkib hissələrindən biridir”.

Abil Ulusoy

Ocağımızın dostu Abil Ulusoy gələnləri salamladı. “Muğam Fəlsəfəsi”nin yazıldığı andan onunla tanış olduğunu dedi. Ata ilə təmaslarından, söhbətlərindən danışdı: Muğamın fəlsəfə olduğu haqqında ilk dəfə yazıldığını qeyd etdi: “Asif Ata sənətə baxışında, sənət adamında xanəndəliyin 3 keyfiyyətini qeyd edirdi: Sənətkarda təbii hiss, təbii ağıl və təbii sənət olmalıdr. Hər şeydə bir təbiilik olmalıdır, – Ata təbiri ilə desək. Açımı – müqəddəs, kamilliyə çağıran sənətində yaşayan və sənət vasitəsilə Azərbaycanın bütövlüyünü yaşadan.
Muğamı izhar eləmək – Muğamla bir olmaqdır, insanı ləyaqətə çağırmaqdır. Cəmiyyət adamı olmamalısan, heç bir fəxri ad çərçivəsinə sığmamalısan, hakimə baş əyməməli, öyməməlisən. Çünki Muğam yolu – İnsanın Tanrıçılığı, Allahçılığı yoludur. Muğamı oxuyan da o halda olmalıdır. Hərcayi qəzəllərlə hara çağıra bilərsən?! Hər şey siyasiləşibdi. İndi də Muğam siyasəti yaranıb. Muğamı heç nəyin ayağına vermək olmaz. Muğam ümumbəşəri bir mahiyyət daşıyır. Ocaq Yükümlüsü Soylu Atalının da dediyi kimi, Şərqi mahiyyət daşıyan Muğamın Azərbaycanda xüsusi bir rolu var. O şəkildə biz onu yaşadıb, qoruyub oxumalıyıq…
Bugün Güney Azərbaycan Muğam həsrəti ilə yaşayır. Bugün Güney Azərbaycanda Muğamı ifa eləmək olmur. Muğam həm də Azərbaycanı birləşdirən bir amildir.
Hər birinizə muğam ömrü, – ləyaqətli ömür arzulayıram.

I Respublika Muğam müsabiqəsinin laureatı gənc xanəndə İlkin Əhmədovun ifası ilə tədbir müşayiət edildi.
Musiqişünas Səadət Təhmurazqızı hamını salamladı: “Asif Ata ziyalı, filosof kimi sevilib, xatırlanıb və xatırlanacaq. Onun yaddaşlarda yaşayan çox qiymətli fikirləri var. Bu fikirlər dərin olduğundan onu dərk etmək çətindir”. Səadət xanım Asif Atadan rübailər söyləyərək fikirlərini əsaslandırdı: “Asif Atanın fəlsəfəsi haqqında çox danışmaq olar. Mən musiqi verilişləri hazırlayıram və hər zaman da Atanın fikirlərinə istinad etmişəm. Asif Atanın Muğama qayıdış adlı yazısında bir fikir var: “Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, kamilliyi”. Kamillik sözü sonda gəlir. Muğamın mahiyyətini ifadə edir bu sözlər. Asif Atanın “Rast” muğamına verdiyi qiymətə baxın – Muğamın ülviliyi izah edilir – 3 amil – birincisi, ülvilik nədədir – dünya ilə insanın varlığı, 2-cisi, dünya ilə insanın varlığının təsdiqi, 3-cüsü, dünyadan kənarlaşma yəni ilahi hissələrə qovuşma. Bu fəlsəfi mahiyyəti Asif Ata kitabında açır.

Səadət Təhmurazqızı çıxışı (qısaca)

Tədbiri keçirənlərə təşəkkürümü bildirirəm. Bu kitabı ərsəyə gətirən Asif Ata Ocağının Evladı Göylü Atalıya – bu gözəl xanıma təşəkkür edirəm. Bu böyük hörmət və məhəbbətin təsdiqidir. Asif Atanın əməllərini yaşadan insanlar var olsun, onun Ocağını yaşadan Evladları var olsun”.
Əslən Güneydən araşdırmaçı-yazar Ocaqdostu Ağşın Ağkəmərli də belə böyük bir hadisə münasibətilə toplaşmağın özünü xəlqi dəyər hesab eləyərək qeyd etdi ki, “Bizim məqsədimiz, ümumiyyətlə, ondan ibarətdir ki, tarixi torpaqlarımızı bərpa eləyək, tarixi-milli mədəniyyətimizi təkrar həyata keçirək və eyni halda bütövlüyümüzü yaradaq. Bu bütövlüyümüzün mahiyyətində duran üç amil var. O üç amilin biri torpağımızdır, torpaqda var olan mədəniyyətimizdir və dünyabaxışımızdır. Şübhəsiz ki, biz uzun müddət ərzində

Ağşın Ağkəmərli çıxışı (qısaca)

Dövlətçiliyimizi, demək olar ki itirmişik… Muğam Fəlsəfəsi, bütövlükdə Asif Atanın baxışı bizim kimliyimizi özümüzə qaytarır. Kimliyimizi qaytarmasında millətləşməyə doğru bir proses yaranır. O prosesin nəticəsində dövlətləşmə əmələ gəlir. Dövlətləşmənin nəticəsində bütövləşmə yaranır. O bütövləşmənin yaranması üçün, Azərbaycanın tarixi torpaqlarını bərpa eləmək üçün, didərgin düşmüş xalqlarımızı yenidən özünə qaytarmaq üçün şübhəsiz ki, dilimiz, musiqimiz xüsusi yer tututr.
Nəticə etibarilə, dilimizin kimliyində bir mahiyyət yatır. Musiqimizin kimliyində böyük həyat yatır. Onları bərpa eləmək tək-təkimizin borcudur”.

Ariz Abduləliyev çıxışı (qısaca)

Azərbaycan Musiqi Akademiyasının müəllimi Ariz Abduləliyev belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə elədi. “Muğam Fəlsəfəsi” kitabının nəşr olunmasının uzun tədqiqatların nəticəsi olduğunu dedi. O, Asif Atanın dərs dediyi illərdə proqramda olmayan Şərq fəlsəfəsindən, hec bir yerdə deyilməyən Muğam Fəlsəfəsindən danışdığını qeyd elədi. Ariz bəy Avropada da muğam tədqiqatının aparıldığını qeyd elədi: “Muğam yalnız Şərqə aid hadisə deyil, dünyaya aid hadisədir. Şərq fəlsəfi fikrinin Qərb fəlsəfi fikrinə təsiri hər zaman olmuşdur. Şərqdə bəşəri fəlsəfi ideyalar inkişaf etmişdir…
Muğamda şöbə var – xanəndə həmişə başladığı yerə qayıdır ki, bitirsin – bunun özü fəlsəfi ideyadır. Muğamda daha dərin fəlsəfi mənalar var… Azərbaycan fəlsəfi düşüncəsi, Şərq düşüncəsini ifadə edən Asif Atanın bu kitabı işıq üzü görüb. Bu kitab əlimizdən tutacaq, həm dərs vəsaiti olacaq, həm də alimlər üçün gələcəkdə gözəl tədqiqat əsəri olacaq”.

Səyavuş Dadaş çıxışı (qısaca)

Memar Səyavuş Dadaş Dəyərlərimiz haqqında danışdı: “Türk mədəniyyətinin dörd qanadı var – xalça dili, miniatür dili, muğam dili və poeziya dili. Bunlar türk təfəkkürünün məhsuludur. Ağa mədəniyyətlər ki, ağalıq eləmək istəyirlər, onları öyrənirlər ki, ağalıq eləsinlər…
Muğam 2 cəhətdən ibarətdir – Xalqın harayı – bunu xalqın əlindən ala bilməyiblər. Xalq yaşadıb bunu. Xalqın aparıcı insanları əsərlər yaradıblar. Yaradıcı insanlar bunun kitablarını yazıblar, yaradıblar.
Muğam bizə bəxş olunan elə bir hadisədir ki, insanları dəyişdirə bilir. İnsanların sifəti dəyişir. Keçmişin ruhu, qüvvəsi buna təsir edir.
Asif Ata ən böyük yükü eləyib. Muğam fəlsəfəsinin üstünə bu, baza kimi yatacaq.
Asif Ata özü bu muğamları çalırdı. “Bilik” cəmiyyətindəki görüşlərində. Çox maraqlı ifalar idi…

Muğam… təbiətin, mücərrəd, ideal qüvvə, kod sistemi qoyub ki, onu yaşada bilir. Əxlaqi-mənəvi irsdir ki, bu xalqı özünə qaytarır. Bu bizim mədəniyyətimizin əsasıdır. Bu məclisə yığışmışıqsa, deməli, onu itirməmişik. Çox sağ olun ki, burdasınız. Sizin məhəbbətiniz havada belə hiss olunur”.
Ocaq Yükümlüsü Soylu Atalı çıxışlardan sonra bəzi fikirlərini bölüşdü: “Muğamın ifası olsa da, Muğamın fəlsəfəsi yazılmırsa, o, davam edə bilmir. Muğam var və xalq yaşayır, necə yaşayır?! Özünəməxsusluğu nə dərəcədədir, nə dərəcədə onun yeri var dünyada?! İfaçılığı heç vaxt inkar eləmək olmaz. Xalqımızda gözəl muğam ifaçılığı var. O, bir məqamdır. Amma xalqın həyat tərzinə çevrilmir o – nədi o dəyişikliyi yaradan? Muğama qulaq asanda nə kapitalizmi, nə sosializmi, nə də demokratiya həşirlərini görürsən…
Muğamı Asif Ata pillə hadisəsi adlandırır… Çox möhtəşəm ifaçılıq yaranmalıdır – Nəsimidən oxumaq lazımdır. Ali söz lazımdır. Ə. Vahiddən nə qədər oxumaq olar?! Hərcayi sözlər xalqın ruhunu ifadə eləmir. Ali sözlə səsin vəhdəti yaranmalıdır.
Niyə xanəndələr Nəsimidən oxumurlar – çünki Nəsimi deyir ki, Həqq mənəm. Niyə qorxursan? Nəsimi xalqın ruhundan gəlib. Nəsimidən deyəndə muğam göylərə qalxır, onda o əsilləşir. Muğam ali söz yaratmalıdır. Xalqı sarsıtmaq lazımdır, yaxşı mənada.
Mədəniyyətlərin üstümüzə gəlişi var. Saz çalanların çox olması sazçılığın inkişafı deyil. Gərək saz onun ömründə ölməsin. Muğam onu ifa eləyənin ifasında, ömründə ölməsin.
Xalqın içini göstərmək üçün Asif Ata öz Fəlsəfəsini, Dünyabaxışını yaradıb”.

Vaqif Ucatay çıxışı (qısaca)

Rəssam Vaqif Ucatay “Ürəyinizdə Günəş olsun!” deyərək sözünə başladı: “Mən o xoşbəxt insanlardanam ki, mənim Asif Ata ilə 7 il ünsiyyətim olub. Ucatay adını mənə Asif Ata verib. Onu görən andan vuruldum o insana. Babək haqqında danışırdı görüşdə. Mənim ifadə edə bilmədiklərimi deyirdi. Onu tanıyandan sonra mənim Leninqraddakı müəllimlərim toz oldu getdi gözümdə…
Soylu qardaş deyir ki, adi söz oxumamaq lazımdı. Rəssamlıqda da bu belədir – rəssamlıqda da təsvirçilik var. Azərbaycanın görəcəyi çox işlər var. Rəssamlığın qarşısında da böyük işlər var… Nə qədər ki, özgələrə, özgə peyğəmbərlərə rəhbər deyəcəyik, bundan da pis günə qalacağıq. Nə qədər ki, Asif Ataya qayıtmayacağıq, mənim xalqım öz zirvəsində olmayacaq.
Asif Atanın belə bir dəyərli kitabının çapdan çıxması böyük hadisədir. Bu gün əslində bizim bayramımızdır, mübarək günümüzdür. Asif Atanı biz dərk etsək, başqaları da dərk edəcəklər…
Atamız var olsun! Millətimiz var olsun! Asif Ata Günəşimizdi, o Günəş daim bizi işıqlandıracaq”.

Əzizə Ağahüseynqızı çıxışı (qısaca)

Şairə Əzizə Ağahüseynqızı duyğularını bölüşdü, Vətənlə bağlı agrılarını, nisgilini dilə gətirdi. Asif Atanın Rübailərindən dedi.
Ziyalı Surxay Qocayev Asif Ata Ocağına, Asif Ata ideyasının təqdimatına yığılmağın sevincini bölüşdü. Kitabın ərsəyə gəlməsini sevindirici hal kimi qeyd elədi. Zəhməti olanlara şəxsən öz adından minnətdarlığını bildirdi. Güney Azərbaycanla bağlı ağrılarını dilə gətirdi, Azərbaycanın Bütövlüyü haqqında arzusunu bölüşdü.
Tədqiqatçı ziyalı Rafiq Ələsgərov tədbirin keçirilməsindən məmnunluğunu ifadə elədi.
Ocaq Yükümlüsü Soylu Atalı tədbirin keçirilməsinə şərait yaratdığı üçün Kitab Klubunun rəhbərliyinə təşəkkürünü bildirdi və onlara çiçək dəstəsi təqdim elədi. Gələn qonaqlara Asif Atanın kitabı, Ocaqla bağlı başqa ədəbiyyatlar, görüntü diskləri, eləcə də təqvim və “Ruhani Evladlıq” özəl buraxılışı təqdim olundu.

Tədbir Azərbaycan Televiziyası və İctimai Televiziya əməkdaşları tərəfindən lentə alındı. Həmçinin bir çox mətbu orqanlarının əməkdaşları tərəfindən yazıya köçürüldü.

 

Yazı Nurtəkin Atalı tərəfindən qələmə alınmışdır..

http://www.asifataocagi.com/?p=515#more-515

 

 

Daha çox şəkil bu linkdə http://www.facebook.com/album.php?fbid=1796750970690&id=1597219671&aid=95252

 


Çingiz Abdullayevin yeni tərcümə kitabı təqdim olundu


Fevralın 3-də Kitab Klubunda Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib. Məcilisi ədbiri giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açaraq bildirib ki, nəşr barədə qısa məlumat verib: kitab Berlini ikiyə ayıran divarlar dağıldıqdan sonra orada fəailiyyət göstərən agentlik haqqındadır. O bildirib ki, kitabın tərcüməçisi Munisə Dadaşqızı, redaktoru Təbəssüm Muxtarovadır.

Daha sonra kitabı rus dilindən Azərbaycan dilinə tərcümə edən Munisə Dadaşqızı qısaca məlumat verəndən sonra qeyd edib ki, kitab sırf dedektiv janrında deyil: “Kitab siyasi dedektiv janrında qələmə alınıb. Əsərin maraqlı oldugunu bildirən tərcüməçi kitabdakı siyasi çəkişmələri vurğulamağı unutmadı.

Bir millətin ürəyinin tən ortasından parçalanaraq müxtəlif cəmiyyətli dövlətlərin tərkibində yaşamaq sitəmi azərbaycanlılara çox tanışdır. Almanlar isə bu səddi aşıb birləşdilər. Kitab Almaniya Demokratik Respublikası dağılandan sonra oradakı ayrı-ayrı şəxslərin həyatından bəhs edir: “Əsərdə eyni zamanda satqın casusdan da söhbət gedir. Əsərin sonuna yaxın isə Dronqo o casusu tapır”.

Çingiz Abdullayev çıxış edərək, əsərlərinin Azərbaycan dilinə tərcümələrindən razı olduğunu deyib, tərcüməçi tərifni əsas gətirib əsəri yenidən oxumağı söz verdi. İndiyədək Azərbaycan dilində 70 kitabının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı qeyd edib ki, onların satışından pul qazanmır. Satışdan əldə etdiyi bütün gəliri Qarabağ köçkünləri və uşaq evlərinə verir.

Almaniyada olarkən bu əsəri qələmə aldığını deyən xalq yazıçısı Ç. Abdullayev: “Bu əsəri hələ Almaniyada olarkən yazmışdım. Ancaq onun çapdan çıxması və nümayişi bu günə təsadüf edib. Kitabımın belə maraqlı olacağını gözləmirdim. Hər zaman gənc oxucularıma deyirəm ki, tək mənim əsərlərimi deyil, həmçinin digər yazıçıların kitablarını da oxuyun. Onu da qeyd edim ki, heç vaxt Azərbaycanda çıxan kitablarım üçün
pul almamışam. Kitablarımdan əldə olunan gəliri həmişə Qarabağ qaçqınlarına və uşaq evlərinə verirəm”,- deyə əlavə edib.

Ç.Abdullayev maraqlı bir məlumat da verib. Onun sözlərinə görə, Rumıniyada çıxan “Gün altında zülm” kitabına ön sözü oranın 84 yaşlı keçmiş müdafiə naziri yazıb. Lakin kitab işıq üzü görəndən sonra onu həbsə salıblar. Yazıçı bununla əlaqədar olaraq Rumıniya prezidentinə müraciət edib.

Kitablarının plagiat çap olunmasına da münasibət bildirən xalq yazıçısı, “Mənim yalnız 2 nəşriyyatla müqaviləm var ki, ancaq onlar əsərlərimi tərcümə edə bilərlər. Plagiatçılığın qarşısını almaq üçün artıq Daxili İşlər Nazirliyinə də müraciət etmişəm. Bununla yanaşı, hazırda başqa nəşriyyatla danışıqlar gedir”
deyib.
Məşhur yazıçı qonaqların suallarını cavablandıraraq, Afrika qitəsinin şimalında baş verən məsələlərə da öz münasibətini bildirdi..


Tədbirin sonunda dünya şöhrətli yazıçı çoxsaylı pərəstişkarları üçün yeni tərcümə kitabına imza atdı və o insanlarla şəkil çəkdirdi..
 

 

Daha çox şəkil bu linkdə http://www.facebook.com/album.php?aid=87744&id=1597219671


“Azərbaycan faciələrinin təqvimi” kitabının təqdimatı olmuşdur

 

Yanvarın 22-də Kitab klubunun sərgi salonunda Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabının təqdimatı keçirilmişdir. Kitabın müəllifi Bakı Slavyan Universitetinin "Azərbaycanşünaslıq" tədris-mədəniyyət mərkəzinin elmi işçisi - Nazim Tapdıqoğludur (Vəlişov). Tədbiri giriş sözü ilə açan klubun direktoru Elxan Rzayev kitab haqqında qısa məlumat verdi. E.Rzayev bildirdi ki, Azərbaycan üçün bu kitabın əhəmiyyəti olduqca önəmlidir. Kitabın min bir əziyyət bahasına ərsəyə gəldiyini deyən klubun direktoru, Kitab Klubunun fəaliyyəti haqqında da məlumat verdi. Ensiklopedik xarakterli "Azərbaycan faciələrinin təqvimi" kitabında başı tarixən min bir bəlalar çəkən Azərbaycanın ayrı-ayrı illərdə (1918-ci ildən çağdaş dövrə qədər) üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri toplanılıb. Kitabda təqvimin xronoloji ardıcıllıqla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunub. Kitab faciəli, eyni zamanda dəyərli tarixi keçmişi əks etdirən və bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu ilə yazılan dəyərli kitabdır. Müəllif burada qeyd etdiyi hər təqvim gününün Azərbaycan xalqı üçün faciəli xarakter daşıdığını vurğulayaraq kitabın mahiyyətini bir daha önə gətirib.

Çap olunmuş sayca 34-cü kitabının çətinliklərə baxmayaraq, işıq üzü görməsinə hədsiz sevinən Nazim Tapdıqoğlu isə çıxışı zamanı, kitabın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirdi. Müəllif kitab barəsində geniş məlumat verməklə yanaşı, bu günə qədər yazdığı və araşdırdığı elmi işlərindən də məlumat verdi. Kitabda ilin 365 gününün hər günü ayrı ayrılıqda araşdırılıb. Kitabda demək olar ki, yazılmış faciələrin 50%-dən çoxu ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər əks olunub. Bu günə qədər minlərlə elmi məqalənin müəllifi olan alimin yazılmış kitablarını çap etdirmək üçün maddi imkanı olmadığından onlar çap edilmir. Tədbirdə imkanlı, vətənini sevən insanlara müraciət edərək N.Tapdıqoğlu onun kitablarının çap edilməsinə maddi yardım etməklərini xahiş etdi.


Müəllif bundan öncə yazdığı 33 kitabı da tədbir qonaqlarına təqdim etdi. Bunların arasında şeir kitabları da var. Əksəriyyəti isə Azərbaycanın 20-yə yaxın rayon və şəhərlərinin toponomiyasına aid kitabları təşkil edirdilər.
Tədbirdə alimlər, yazıçı və şairlər, mətbəə rəhbərləri, ayrı-ayrı ictimai birliklərin nümayəndələri və digər qonaqlar iştirak etmişlər: tarix elmləri doktoru Qasım Hacıyev, Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi, tədqiqatçı-alim İnqilab Nadirov, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü Yəhya Yusif Caniyar və başqaları bildirmişlər ki, kitab xalqımızın faciəli, eyni zamanda, dəyərli tarixi keçmişini əks etdirən və bu səpkidə ürəklə, əsl vətənpərvərliklə yazılan ilk sistemli, universal nəşrdir.

 

Tədbirdə iştirak edən professor Əlisahib Əroğlu kitabda bəzi çatışmazlıqların olduğunu bildirib. Kitabda əsas çatışmayan cəhət kimi isə yazılmış hadisələrin mənbələrinin hər bir yazılmış hadisənin sonunda verilməməsi və arxiv materiallarından az istifadə olunmasını göstərən professor, bu kitabın gələcəkdə daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu dedi.

 

Sonda Nazim Tapdıqoğlu yeni yaradıcılıq planlarından danışdı, gələcəkdə Azərbaycanın zəfər tarixinin təqvimi kitabının eskizlərini hazırladığını bildirdi və bu kitabın (“Azərbaycan faciələrinin təqvimi”) ərsəyə gəlməsində göstərdiyi maddi köməkliyinə görə “Kitab evi” İctimai Birliyinin sədri, Salatın Əhmədliyə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.

Mərasimdə “Azərbaycan faciələrinin təqvimi” kitabının müəllifi Nazim Tapdıqoğluna “Qafqaz Media” İctimai Birliyinin təsis etdiyi “Vicdanlı qələm” mükafatı təqdim edilmişdir.
Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir və qonaqlara öz yeni  kitabını hədiyyə etmişdir.

 

Qeyd üçün:

Nazim Tapdıqoğlu (Vəlişov) 1963-cü ildə Qarabağın Füzuli şəhərində doğulub. 1980-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini müvəffəqiyyətlə bitirib. 1977-ci ildən dövri mətbuatda vaxtaşırı şeirləri, elmi-tarixi məqalələri, oçerkləri və publisitik yazıları ilə çıxış edir. Zəngilan, Füzuli, Qubadlı, Xocalı, Laçın Borçalı, Kəlbəcər, Kürdəmir, Saatlı, Şuşa, Sabirabad, Göyçay, İmişli, Cəbrayıl, Ucar, Şəmkir, Neftçala, Zərdab, Xocavənd, Ağdam, Ağcabədi rayon və şəhərlərinin toponomiyasına aid kitabların müəllifidir. “Qızıl Qələm” mükafatı laureatıdır. Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisidir. Ailəlidir, 3 övladı var..
 

 

Daha çox şəkil bu linkdə http://www.facebook.com/album.php?aid=86305&id=1597219671

 


 

 

 

2004-2006-cı il təqimatları

2007-2008-cı il təqimatları

2009-2010-cu il təqimatları