Elektron kitabxana

ELMAN QƏMGİN (RÜSTƏMOV)

XOŞBƏXT GÜNLƏRIMIN
ACI GÖZ YAŞLARI
(ZAURUN YUXULARI)


ROMAN
 


Elman Qəmgin (Rüstəmov). Xoşbəxt günlərimin acı göz yaşları (Zaurun yuxuları). Roman. Bakı: “Qanun”, 2009, 288 s.

Elman Qəmginin (Rüstəmovun) bu romanı onun ilk yaradıcılıq nümunəsidir. Bu romanda iki gəncin məhəbbət dastanı əsasında cəmiyyətin müasir ailə problemləri işıqlandırılır. Əsərin geniş oxucu kütləsini öz cazibəsində birləşdirəcəyi əminlik doğurur.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Q1500005104
AB 022051
Az2
© QANUN, 2009
© E.Qəmgin (Rüstəmov), 2009
 


MƏHƏBBƏT – HƏYATIN FƏLSƏFƏSI
 

Həyat yaranandan bəri məhəbbət həyatın fəlsəfəsinə çevrilmiş, onun məhək daşını təşkil etmişdir. Bəlkə də məhəbbət olmasaydı həyatın özü olmazdı. Yəni həyat yaranışı üçün Allahın məhəbbətinə borcludur. Məhəbbət elə bir ülvi, ali hissdir ki, onu heç nə ilə müqayisə etmək olmaz. Məhz elə buna görədir ki, söz cahangirləri Nizami, Füzuli bu hissləri qələmə alarkən bəşərin ən ülvi duyğularını insnlara aşılamağa çalışmışlar.

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin.

və yaxud

Kəhrəba olmasaydı eşqin əsiri,
Çəkməzdi samanı özünə sarı

və yaxud

Yarəb, bəlayi-eşq ilə qıl aşina məni…

Eşq varlığın ən kiçik zərrəciklərində belə təzahür edir. Nüvə və elektron bir-birini sevməsəydi, bir-birinin əsiri olmasaydı, bir-birinə sarılmasaydı nə bir canlı, nə də cansız bir materiya mövcud olardı. Fəlsəfi-lirik şeirin böyük dühası Nəsimi insanın təkamülündə eşqin rolunu yüksək qiymətləndirmiş və göstərmişdir ki, eşqin bəlasını çəkməyən, hicrin qəmini görməyən insan dərmansız dərdə mübtəladır:

Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin,
Dərdi dərmansızdır, onun çarə yox dərmaninə.

Böyük şair Xaqani eşqi ali hiss kimi dəyərləndirərək: «Eşq ən qiymətli gövhər, ürək onun xəzinəsidir» – deyirdi.

Eşqdir könüldən hər dərdi silən,
Eşqdir dünyada hər dili bilən.

Eşq yerlə göyü, insanla Tanrını birləşdirir. Məhəbbətin bu gücünə heyrət edən böyük Nizami «Hər şey eşq üstündə durur dünyada» – deyirdi. Məhz buna görə də böyük söz xiridarı haqlı olaraq:

«Kimin ki, eşqdən nişanı yoxdur,
Demək ruhu yoxdur və canı yoxdur» – hökmünü verirdi.

Eşq insanın çata biləcəyi ruhi ucalıqdır. Dünya yaranandan eşqin tərənnümünə saysız-hesabsız əsərlər həsr olunub. Ancaq bu mövzu heç vaxt köhnəlmir, çünki heç kim hələ eşqin, məhəbbətin zirvəsini fəth edə bilməyib.
Məhəbbətdə ismət qızıl tacdır. Nizami Gəncəvi bunu iki misra ilə çox gözəl ifadə etmişdir:

Əgər məhəbbətdə olmasa ismət,
O, şəhvət hissidir, deyil məhəbbət.

Məhəbbət bütün gözəllikləri özündə birləşdirib, onlara xüsusi bir çalar verir, insanın əxlaqını, mənəviyatını zənginləşdirir, onda həyat eşqini yüksəldir, insanı ülviləşdirir, onda doğruluq, sədaqət, vəfa, dostluq, səmimiyyət hisslərini bərqərar edir.
“Azad Azərbaycan” və “Bütöv Azərbaycan” qəzetlərində dərc olunan “Səsli çeşmə”, “Poçt qutusu” qarşısında düşüncələr, Bəxtiyarı olan xalq bəxtiyardır, “Bəs Tanrı harda idi?” elmi-publisist məqalələri, “Kreml qülləsi”, “Ağ vərəq” və “Tupoy” hekayələri ilə oxucularımıza tanış olan Elman Qəmginin (Rüstəmovun) Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın «Beş mərtəbəli evin altıncı mərtəbəsi» romanına yazdığı nəzirə məhz belə bir ülvi hissə, ruhən insanı ucaldan, yaşamaq gücü verən ilahi məhəbbətə həsr edilmişdir. Müəllifin öz romanında qeyd etdiyi kimi, «onun Zaurunun Anarın Zaurundan bir fərqi, daha doğrusu əsas fərqi onda idi ki, bizim zəmanəmizin Zauru nəyə nail olubsa öz zəhmətinin, əzablı günlərinin, yuxusuz gecələrinin hesabına nail olub». Zaur hələ uşaqkən, yəni 12 yaşında olarkən atasını itirib, kiçik yaşlarından zəhmətə qatlaşıb, həyatın əzab və iztirablarını dada-dada ali təhsil alıb, gözəl curnalistə, yazara çevrilib.
Anarın Zaurundan fərqli olaraq Elmanın Zauru böyük məhəbbət dünyasına qədəm qoyarkən artıq evli idi, iki uşağı vardı. Sevib evlənməsə də Zaur cəmiyyətdə formalaşan əxlaq qaydalarına riayət etməyə borclu idi. Daha doğrusu illərlə formalaşan cəmiyyətin buxovları 33 yaşlı gənci sıxır, onun azadlıqlarını məhdudlaşdırırdı. Mövcud qanunlar da Zaur üçün ilahi eşq, məhəbbət tanımaq qüdrətində deyildi. Yəni evli adam yalnız öz həyat yoldaşını, uşaqlarını sevə bilər. Üçüncü şəxsin, Təhminələrin bura daxil olması qadağandır. Bizim qanunlar (şəriət qanunlarından fərqli olaraq) və cəmiyyət ikinci həyat yoldaşının olmasını qəbul etmir. Lakin kənarda Don Cuanlıq etmək, məşuqələr saxlamaq heç də pis qarşılanmır.
Bu cəhətdən Zaurun və Təhminənin işi çətindir, hamı onları günahlandırır, tənbeh edir. Birini əxlaqsızlıq damğası, birini isə «evyıxan», «ailə dağıdan» küfrü gözləyir. Bəs nə etməli? Bu gənclərə xoşbəxt olmaq nəsib deyilmi? Xoşbəxtlik nədir? Bu suala Elmanın Zauru belə cavab verir: «Xoşbəxtlik zamanın Tanrı tərəfindən bəxş etdiyi xoş anlar toplusudur… Xoşbəxtlik odur ki, cismən bir yerdəyik, bir otaqda oturmuşuq, bir yerdə yemək yeyirik, bir yerdə maşında gedirik». Göründüyü kimi, ali hisslərlə yaşayan insanların xoşbəxt olması üçün azad nəfəs, bir-birinin yanında olmaq, tənəli sözlərdən, ictimai qınaqdan uzaq olmaq yetər.
Zaur və Təhminənin məhəbbəti adi məhəbbət deyil, ilahi məhəbbətdir. Onlar bir-birlərini necə deyərlər, bütün zərrəciklərinə qədər sevirlər. Elektron-proton kimi, dəmir-maqnit kimi, kəhrəba-saman kimi. Zaurun qısqanclıqları məhz bu üzdən baş verir. Zaur yuxuda Təhminəni hər kəsə qısqanır. Onun yuxuları bəzən o dərəcədə dəhşətli olur ki, az qala ürəyi partlasın. Gündüzlər ayıq vaxtı isə o, hər şeyi götür-qoy edə bilir, yenidən Təhminəsini dəlicəsinə sevir, ondan ayrı qala bilmir.
Elmanın Təhminəsi də Anarın Təminəsi ilə müqayisəedilməzdir. O, təmiz ürəkli, xeyirxah, öz yerini bilən, bir az da dəb-dəbəni sevən qızdır. Təhminə Zaurun var-dövlətini deyil, onun özünü, necə varsa eləcə sevir. Lakin Zaur kimi qısqanc deyil. İstəyir ki, onu necə var, necə görürsə, eləcə sevsin Zaur. Bəzən buna nail olsa da, çox vaxt Təhminə qızğın əsəb sarsıntılarına məruz qalır, göz yaşları axıdır, şirin sevgi xəyalları ilə özünü sakitləşdirməyə çalışır.
Təhminənin sevgisinin böyüklüyü, ülviliyi onun Zaura yazdığı 31.01.00 tarixli məktubunda daha bariz şəkildə özünü büruzə verir: «Mənim ürəyim hər gün səni anır və bu anmaq da bir damcı göz yaşına dönür. Mən gözlə ağlaya bilmirəm. Əgər əlində imkanın olsaydı, mənim ürəyimi açıb baxa bilsəydin, onda mənim nə keçirdiyimi bilərdin. Bu həyatda mən nə üçün yaşadığımı bilmirəm, inanırsan? Kimi isə istədiyim kimi xoşbəxt edə bilmirəmsə, nəyə lazımam?»
Əsər Zaur və Təhminənin daxili dünyasını açan sücetlərlə zəngindir. Müəllif qəhrəmanlarının məhəbbət dünyasına qədəm qoyarkən əsasən dialoqlardan istifadə etməklə çoxlu təsirli səhnələr yaratmışdır. Əsərin dili sadə və oxunaqlıdır. Əsərdə istifadə edilən bədii vasitələr çox təbiidir.
Zaurun dilindən səsləndirilən bir çox ifadələr əslində müəllifin öz istəkləridir. Yəni müəllif Zaurun dili ilə cəmiyyətin anormallıqlarını qamçılayır. Zaurun 17.02.00-da Təhminəyə yazdığı məktubda deyilir: «Mən artıq bu gün, bu günün əxlaq çərçivəsindən çıxmışam, ən əxlaqsız adamların (gizlində 10 qadınla görüşən, evdə arvadını aldadan, hər cür oyundan çıxan) bu gün bizi əxlaqsız adlandırmalarına nə ad vermək olar?! Nəyə görə gizlində evli kişi qadın saxlaya bilər, aşkarda yox?! Niyə indiki cəmiyyət qəbul etmir bizim hisslərimizi?!»
Anarın Zaur və Təhminəsindən fərqli olaraq Elmanın qəhrəmanları mübarizdirlər. İztirablar çəkə-çəkə, cəmiyyətin məhəbbət üçün yaratdığı buxovları qıra-qıra hər cür tənələrə, əzablara dözə-dözə, onlar öz səadətlərinə nail olur, evlənir, 16 il birlikdə xoşbəxt yaşayırlar. Zaur əsərin sonunda vəfat etsə də onun Təhminəsi həmin yaşanan xoşbəxt günləri acı göz yaşları axıda-axıda xatırlayır. Lakin bu göz yaşları müəllifin dediyi kimi artıq ürəyə deyil, yanaqlara axır. Əsərin aşağıdakı ifadələrlə başa çatması da bir növ müəllifin oricinal yol seçməsi ilə bağlıdır: «Ağlama Təhminə, çünki mən indi də xoşbəxtəm, cənnətdəyəm mən. Mən səni xoşbəxt etdiyim üçün, xoşbəxt köçmüşəm bu günyadan». Yuxularında daim qısqanclıq alovunda yanan Zaur ölümündən sonra cənnət sakini kimi xoşbəxtdir, yenə də Təhminəsini düşünür.
Zaur və Təhminə məhəbbət dastanının müəyyən dövrü gələcəyə, yəni yaşadığımız dövrdən sonraya təsadüf edir. Əsərin qəhrəmanı, ali məhəbbət duyğuları ilə yaşayan Zaur 50 yaşında ikən, 2016-cı ilin avqustun 26-da qəflətən, yaradıcılığının çiçəkləndiyi dövrdə sevgilisi Təhminənin qucağında dünyasını dəyişir.
Qəlbi ilahi məhəbbətlə dolu olan Zaur, müəllifin qeyd etdiyi kimi, Təhminə ilə yaşadığı 16 ildə o qədər xoşbəxt olur ki, o bir çox ölkələrdə məşhurlaşır. Onun böyük məhəbbəti haqqında ssenarilər yazılır, kinolar çəkilir. Əlbəttə bu müəllifin arzusudur. İnanırıq ki, Elman Qəmginin oxuculara təqdim olunan bu romanı ölməz məhəbbət dastanı kimi oxucuların rəğbətini qazanacaq, onun barəsində Anarın «Təhminə və Zaur»u kimi kinolar çəkiləcək, əsərlər yazılacaqdır.


Fəxrəddin Ağazadə
Fəlsəfə doktoru