BEYNƏLXALQ SƏRGİLƏR

XX Beynəlxalq Tehran kitab sərgisi haqqında


Sərgi 02-12 may tarixində Tehran şəhərinin müsəllatında (namazgahında) keçirilmişdir. Azərbaycanı Beynəlxalq Əl-Huda nəşriyyatının Bakı bölməsi və Kitab Klubu təmsil etmişdir. Sərgidə iştirak etməyimizə şərait yaratmış Əl-Huda nəşriyyatının Bakı bölməsinə və onun rəhbəri Mirzə Rəsul İsmayılzadəyə, İran Mədəniyyət Mərkəzinə, İranda bizim qayğımızı çəkmiş cənab Həsənzadəyə, Hadi İsmayılzadəyə və sərginin bütün təşkilatçılarına minnətdarlığımızı bildirirəm.

Kitab klubu sərgiyə getməzdən əvvəl ölkəmizin nəşriyyatlarına müraciət etmiş və sərgidə göstərilməyə layiq hesab etdikləri kitabları təqdim etməyi xahiş etmişdi. Bizim bu xahişimizə Nurlar, Qanun, Azərnəşr, Tutu, «Əbilov, Zeynalov və oğulları», Osmanlı yayınları, Çıraq, Altun kitab, Təhsil, Nurlan, MSV nəşr, Multimedia Mərkəzi, Şərq-Qərb, Oka-ofset, Minbir mahnı, Kitab klubu kimi müəssisələr müsbət cavab vermişlər və onların nəşr etdiyi 200 addan artıq kitab 20-ci Beynəlxalq Tehran kitab sərgisində nümayiş etdirilmişdir. Mən bu müəssisələrin rəhbərlərinə öz təşəkkürümü bildirirəm.

Sərgidə bütün kitablarımıza böyük maraq göstərilmişdir. Azərbaycan Respublikasının uzaq və yaxın tarixi haqqında məlumat daşıyan, Azərbaycan ədəbiyyatı, Azərbaycan dilinin öyrənilməsi haqqında kitablar, uşaq kitabları və s. xüsusi marağa səbəb olmuşdur. Təhsil nəşriyyatının «Qarabağ» kitabı çox maraqla qarşılanmışdır. Şərq-Qərb nəşriyyatının transliterasiya proqramı çərçivəsində buraxdığı kitablar da böyük maraq doğurmuşdur. Ümumiyyətlə bu proqram, yəni Azərbaycan ədəbiyyatı incilərinin latın qrafikasına transliterasiyası proqramı sərgiyə gələnlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Sərgidə Azərbaycan dilində kitab nəşr edən İran nəşriyyatları da fəal iştirak edirdilər. Rəhbərinin verdiyi məlumata görə təkcə Əxbar nəşriyyatı indiyə qədər 250 adda kitab nəşr etmiş və hər il 30-40 adda kitab nəşr etməkdə davam edir.

Bu gün verilmiş ilkin məlumatlara görə Tehran sərgisində 60 ölkənin nümayəndələri iştirak etmişdir. 2500 nəşriyyat öz kitablarını nümayiş etdirmişdir. Təqdim edilmiş kitabların 1350-si oxucuya ilk dəfə bu sərgidə təqdim edilmişdir. Sərgini 3,5 milyon adam ziyarət etmişdir. Sərgidə 51 milyon nüsxə kitab satılmışdır.